SİYASƏT
Azərbaycanın Təbrizdəki baş konsulu İranın Gilan vilayətinin valisi ilə görüşüb
![Azərbaycanın Təbrizdəki baş konsulu İranın Gilan vilayətinin valisi ilə görüşüb](/files/2014/3/1200x630/14120018424949629455_1200x630.jpg)
Ə.Əlizadə Azərbaycan-İran əlaqələrinin hər iki ölkə rəhbərlərinin iradəsi ilə inkişaf etdiyini bildirərək, yaxınlarda keçirilmiş dövlətlərarası komissiyanın iclasının nəticələrinə dair imzalanmış memorandumda Gilan vilayətinə dair də bir çox müddəaların yer aldığını bildirib və bu müddəaların icrasının gələcəkdə müsbət təsirini göstərəcəyini vurğulayıb. Son dövrlərdə Azərbaycan və İran rəsmiləri arasında keçirilmiş görüşlər nəticəsində vətəndaşların gediş-gəlişinin daha da sadələşdiyini, iqtisadi, ticarət əlaqələrinin artdığını və bir çox digər sahələrdə də irəliləyişlərin nəzərə çarpdığını bildirən baş konsul Gilan vilayəti ilə mədəniyyət, elm, idman, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb.
Vali M.Nəcəfi İranın digər vilayətlərindən fərqli olaraq Azərbaycan ilə həm dənizdən, həm də qurudan sərhədə malik olduğunu və bunun əlaqələrin inkişafında böyük potensial yaratdığını vurğulayıb. M.Nəcəfi Azərbaycan vətəndaşlarının vilayətə səfəri üçün lazımi şəraitin yaradıldığını, həmçinin əlavə olaraq Rəşt-Bakı-Həştərxan marşrutu üzrə təyyarə reysinin açılması və Ənzəli-Bakı marşrutu üzrə sərnişin gəmisinin fəaliyyətə başlaması imkanlarının da mövcud olduğunu bildirib. Vali rəhbərlik etdiyi vilayətin Azərbaycan-İran əlaqələrinin inkişafına bundan sonra da öz töhfəsini verməyə çalışacağını, həmçinin iqtisadi, mədəni, elmi və digər sahələr üzrə əlavə işlərin həyata keçirilməsinə də vilayətin hər zaman hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı əlaqələrin mütəmadi saxlanılması, görüşlərin vaxtaşırı təşkili, müştərək iqtisadi, mədəni, elmi layihələrin həyata keçirilməsinin davam etdirilməsi, gömrük, sərhəd və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran