AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Ankara, 23 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcəkdir.
Fevralın 24-də Türkiyə paytaxtındakı Qazi Universitetində “Azərbaycanda qanayan yara; Xocalı qətliamı” mövzusunda konfrans keçiriləcəkdir. Həmin təhsil ocağında fevralın 25-də keçiriləcək “Xocalı qətliamı - sözün bitdiyi yer” mövzusundakı tədbirdə “Xocalıya ədalət” kampaniyasının Ankara üzrə təmsilçiliyinin səfirliyin dəstəyi ilə açdığı www.hocaliyaadalet-tr.com saytının təqdimatı olacaq, imzalar toplanacaqdır.
Fevralın 26-da Ankaranın Keçiören Bələdiyyəsi ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcəkdir. Ankaranın bu rayonunda yerləşən “Xocalı qətliamı qurbanları” abidəsinin önünə əklil qoyulacaqdır. Sonra “Esterqon” qalasında “Xocalıda yaşanan dram” mövzusunda sərgi açılacaqdır. Sərgidə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı qətliamı” filmi nümayiş etdiriləcək, “Xocalıya ədalət” kampaniyasına imzalar toplanacaqdır. Sərgi bir həftə davam edəcəkdir. Burada, həmçinin “Xocalını unutmayaq, unutdurmayaq” mövzusunda konfrans da keçriləcəkdir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ankarada fəaliyyət göstərən səfirliklərə və Türkiyə Xarici İşlər Nazirliyinə məlumatlar göndəriləcəkdir.
Yerli KİV-lərdə faciə ilə bağlı yazılar dərc olunacaq, fevralın 26-da “TRT-Avaz” kanalının canlı yayımında səfirliyin Xocalı faciəsinin ildönümü tədbirlərində iştirak üçün dəvət etdiyi professor və müəllimlər soyqırımı haqqında danışacaqlar.
Ankarada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə müxtəlif təhsil ocaqlarında anım günlərinin keçirilməsi də nəzərdə tutulur.
Səfirliyin bütün tədbirlərində Ankarada təhsil alan tələbələr, müdavimlər, soydaşlarımız, rəsmi şəxslər, diplomatlar, QHT-lərin nümayəndələri, Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarından müəllim və tələbələr iştirak edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara