Azərbaycanın və Polşanın startap ekosistemləri əlaqələrini gücləndirir
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, “Startup Hub Poland Foundation” və “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin birgə təşkilatçılığı ilə innovasiyalar üzrə Polşa-Azərbaycan seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə innovasiyaların və startapların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi imkanları, o cümlədən Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı müzakirə edilib.
Seminarda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov innovativ sahibkarlığın inkişafının Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsində əhəmiyyətli olacağını, birgə təşəbbüslərin hər iki ölkənin sahibkarları, startapları və investorları arasında müvafiq platformaların yaradılmasına töhfə verəcəyini qeyd edib. Orxan Məmmədov yerli sahibkarların innovativ fəaliyyətinin stimullaşdırılması üçün KOBİA-nın dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi barədə də məlumat verib.
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski “V4ATB” proqramına qoşulmuş Azərbaycan startaplarının təqdim etdiyi layihələrin maraqla qarşılandığını, yerli startapların əsasən texnoloji və biznes tərəfdən hazırlıqlı olduqlarını vurğulayıb. Səfir proqramın 2023-cü ildə də davam etdiriləcəyinə əminliyini bildirib.
Digər çıxış edənlər - “Startup Hub Poland Fondu”nun təsisçisi (“V4ATB” proqramının rəhbəri) Maciej Sadovski, “İdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin ("V4ATB”in Azərbaycan üzrə tərəfdaşı) təsisçisi Tural Kərimli və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsləhətçisi İqor Ovçarenko Polşanın startap ekosistemi və innovasiyaların dəstəklənməsi sahəsində mexanizmlər, eləcə də “V4ATB” proqramı barədə məlumat veriblər. Qeyd edilib ki, son zamanlarda ölkəmizdə bir sıra sahələrdə ağıllı və innovativ həll yollarından istifadə olunur. Buna misal olaraq, işğaldan azad edilmiş ərazilərdə "ağıllı kənd" konseptini göstərmək olar. Diqqətə çatdırılıb ki, Azərbaycanda innovativ biznes və startap ekosisteminin yaradılması əsas hədəflərdən biridir.
Sonda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Startup Hub Poland Foundation” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Polşa və Azərbaycanın biznes ictimaiyyəti, startaplar və investorlar arasında müvafiq sahədə məlumat və təcrübə mübadiləsini, tədbirlərin təşkilini nəzərdə tutur.