AZƏRBAYCANIN VƏ QIRĞIZISTANIN MÜDAFİƏ NAZİRLİKLƏRİARASINDA SAZİŞ İMZALANMIŞDIR
Görüşdən əvvəl Qırğızıstanın müdafiə naziri və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad etmişlər.
General-polkovnik Səfər Əbiyev ümummilli liderimiz Prezident Heydər Əliyevin və Qırğızıstan Prezidenti Əsgər Akayevin dostluq və əməkdaşlıq haqqında imzaladıqları sazişdən sonra ölkələrimiz arasında münasibətlərin yeni vüsət aldığını bildirmişdir. O, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də MDB Müdafiə Nazirləri Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiyini qonaqların diqqətinə çatdırmışdır.
Görüşdə Səfər Əbiyev və Esen Topoyev “Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalamışlar. Sənəddə ölkələr arasında hərbi-iqtisadi və hərbi-texniki, hərbi-siyasi, hərbi təhsil və kadrların hazırlanması, hərbi islahatların aparılması, orduda içtimai və mədəni iş, hərbi tibbi və digər sahələrdə ikitərəfli əməkdaşlıq nəzərdə tutulmuşdur.