SİYASƏT
Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri regiondakı yeni reallıqları müzakirə ediblər
Tbilisi, 25 iyul, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Türkiyənin Tbilisidə yeni təyin olunmuş səfiri Ali Kaan Orbay ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, F.Quliyev türkiyəli həmkarı Ali Kaan Orbayı Gürcüstanda səfir təyin olunması və fəaliyyətə başlanması münasibətilə təbrik edib.
Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik missiyaları arasında bərqərar olunmuş sıx işbirliyindən bəhs edən F.Quliyev, bu qardaşlıq ənənələrinin davam etdiriləcəyinə və heç bir zaman sarsılmayacağına inamını ifadə edib.
A.K.Orbay deyib ki, Gürcüstan dövlət başçısına etimadnamənin təqdim etdikdən sonra, Tbilisidə akkreditə olunmuş diplomatik korpus çərçivəsində ilk görüşü məhz Azərbaycan səfirliyində keçirir və bundan məmnundur. O bu görüşün rəmzi xarakter daşıdığını qeyd edib.
Səfir A.K.Orbay Gürcüstanda məsul missiyaya başladığı ilk anlarından etibarən, hər zaman Azərbaycan səfirliyi ilə birgə səylərin göstərəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən görüşdə tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi