AZƏRBAYCANIN VERGİLƏR NAZİRİ ANKARADA TÜRKİYƏNİN MALİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdən sonra AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandıran Fazil Məmmədov rəhbərlik etdiyi qurumla Türkiyənin Maliyyə Nazirliyi arasında informasiya mübadiləsi, Azərbaycanda çalışan türk şirkətləri ilə iş sahəsində geniş əməkdaşlığın olduğunu bildirmişdir. Nazir demişdir ki, umummilli liderimiz Heydər Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin açılışında Prezident İlham Əliyevin iştirakı, ölkəmizin rəhbərinin Türkiyənin dövlət və hökumət başçıları ilə dostluq və qardaşlıq münasibətləri bütün strukturlar, o cümlədən vergi orqanları arasında əməkdaşlığı daha da gücləndirmişdir. Hazırda Azərbaycan Vergilər Nazirliyində qardaş ölkənin bir çox şirkətləri proqramlaşdırma işlərini həyata keçirirlər.
Səfərin əsas məqsədinin də Türkiyədə bu işlərin həyata keçirilməsi ilə tanışlıq olduğunu bildirən nazir, Kamal Unakıtanla görüşündə də bir sıra digər layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdiyini söyləmişdir.
Türkiyənin maliyyə naziri də qardaş ölkə olan Azərbaycan ilə əlaqələrin yüksək səviyyəyə çatdığını, iqtisadiyyatları durmadan yüksələn ölkələrimizin maliyyə və vergi siyasəti sahələrində əməkdaşlığının böyük perspektivləri olduğunu söyləmişdir.
Vergilər naziri Fazil Məmmədov həmin gün Anıtqəbiri ziyarət etmiş, Türkiyə Cümhuriyyətiinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoymuşdur.
Görüşdə ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.