SİYASƏT
AZƏRBAYCANIN ZƏNGİN MƏDƏNİYYƏTİNİ ƏKS ETDİRƏN ƏSƏRLƏRİN ELEKTRON VARİANTI YUNESKO-NUN İNTERNET SAYTINDA YERLƏŞDİRİLƏCƏK
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Filip Keo Azərbaycanda olacağı üç gün ərzində bir sıra görüşlər keçirəcəyi haqqında məlumat vermiş və təmsil etdiyi təşkilatın ölkəmiz ilə bir çox sahələrdə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirmişdir.
Filip Keo, ötən il Vilnüs şəhərində keçirilmiş “Sivilizasiyaların dialoqu” adlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Qafqaz xalqlarının bənzərsiz musiqisinə həsr olunmuş 1 saatlıq verilişin televiziya ilə yayımlanmasının nəzərdə tutulduğunu bildirmişdir.
Sonra qonaq rəhbərlik etdiyi quruma daxil olan hər bir ölkənin Milli Komissiyasının saytının da yaradılması və onların Büronun İnternet saytına qoşulmasının nəzərdə tutulduğunu və bunun üçün kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Filip Keo, həmçinin, Azərbaycanın zəngin mədəniyyətinin gələcək nəsillərə çatdırılması üçün milli musiqimizin, klassiklərimizin əsərlərinin və habelə dünya klassiklərinin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərinin CD və DVD vasitəsi ilə YUNESKO–nun və üzv dövlətlərin kitabxanalarında yerləşdirilməsinin zəruri olduğunu bildirmişdir.
Filip Keo Azərbaycan hökumətinin YUNESKO-nun bir sıra beynəlxalq konvensiyalarını imzaladığını qeyd edərək, “Təhsildə diskriminasiyaya qarşı konvensiya”ya qoşulmasını birgə əməkdaşlıq üçün əhəmiyyətli olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov Filip Keonu yeni təyinatı ilə təbrik etmiş və YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.
Qonağın təşəbbüsünü yüksək qiymətləndirən nazir bu layihələrin həyata keçirilməsində Azərbaycan tərəfinin səylər göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının katibi Ramiz Abutalıbov iştirak etmişdir.