SİYASƏT
Azərbaycanla Küveyt arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
İki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib.
Görüş zamanı, habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub.
Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlığını ifadə edib. Əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən nazir iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Tərəflər, həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.