Azərbaycanla Latviya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 17 may, AZƏRTAC
Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramovun və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadənin Latviyaya səfəri çərçivəsində mayın 15-16-da bir sıra görüşlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, Latviya Seyminin sədr müavini Yanis Qrasberqs ilə keçirilən görüşdə hər iki ölkənin parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkilib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu Latviyaya səfərinin strateji tərəfdaşlıq münasibətlərimizə töhfə verdiyi qeyd olunub. Ölkələrimiz arasında qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin tərəflər parlamentlərarası əməkdaşlığın müxtəlif platforma və beynəlxalq təşkilatlar çərçivəsində davam etdirməsinin əhəmiyyəti qeyd edib.
Latviya Seyminin katibi və Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Armands Krauze və dostluq qrupunun digər üzvləri ilə görüşdə isə Latviya Seymində yeni formalaşmış dostluq qrupunun yaradılmasından və yeni əlaqələrin qurulmasından məmnunluq ifadə olunub. Söhbət zamanı hər iki ölkənin parlamentinin dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub. Bu səfərlərin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi, qarşılıqlı təmasların bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvlərinə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, o cümlədən Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi, erməni işğalından azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reire ilə görüşdə ölkələrimiz münasibətlərinin inkişafından bəhs olunub. 2024-cü ildə Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağından məmnunluq ifadə edilib. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüslərinin qarşılıqlı dəstəklənməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərinə toxunularaq Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb, BMT, Avropa Şurası, NATO və digər təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin perspektivləri müzakirə olunub.
Eyni zamanda, Latviya Universitetində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Latviya strateji tərəfdaşlığının genişləndirilməsi: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verilib. Konfransda ikitərəfli Azərbaycan-Latviya münasibətlərinin müxtəlif aspektləri üzrə hər iki ölkənin parlamentinin üzvlərinin, aparıcı beyin mərkəzləri və təhsil ocaqlarının mütəxəssislərinin çıxış edəcəyi və maraqlı təqdimatların olacağı diqqətə çatdırılıb.
Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə söhbət zaman iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq sazişinin və protokollarının mövcud olduğu və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyi, həmin ərazilərdə yeni idarəetmə sisteminin tətbiq olunduğu diqqətə çatdırılıb, Latviyanın yerli və regional hakimiyyət orqanlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrinin idarəetmə orqanları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.
Milli Məclisin deputatları, həmçinin Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini də ziyarət edib, Kitabxananın direktoru Venta Kotsere ilə görüşüb, Azərbaycan İnformasiya Mərkəzinə erməni işğalının fəsadlarını, həmçinin Vətən müharibəsində şanlı Zəfərimizlə bağlı kitablar hədiyyə ediblər.
Görüşlərdə ölkəmizin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.