Azərbaycanlı alim beynəlxalq konfransda əhalinin su təminatı problemindən danışıb
Bakı, 8 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin aparıcı elmi işçisi coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ülkər Mahmudova Parisdə keçirilən “Sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları” üzrə 4-cü beynəlxalq konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim tədbirdə “Azərbaycanda əhalinin su təminatının yaxşılaşdırılmasında ekoloji problemlər” mövzusunda məruzə ilə çıxış edib.
Ü.Mahmudova qeyd edib ki, Azərbaycanın çay sistemlərinin respublikanın arid iqlim zonasında yerləşməsi, qlobal iqlim dəyişkənliyi, eləcə də ən iri çaylarımızın (Kür və Araz ) qonşu dövlətlər tərəfindən çirklənməsi təmiz su ehtiyatının 20 faiz azalmasına səbəb olur. Kür çayı Tbilisi şəhəri daxilində (40 km), Araz çayının sol qolları isə Ermənistanın bəzi regionları tərəfindən antropogen təsirlərə məruz qalaraq çox ciddi çirklənməyə məruz qalır ki, nəticədə bu və ya başqa səbəblərdən respublikamızın içməli suya olan tələbatı gündən-günə azalır.