ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq simpoziumun elmi komitəsinin üzvü seçilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Türkiyənin Konya şəhərində keçirilən “Mövlana düşüncəsində bəşəri münasibətlər” mövzusunda ikinci beynəlxalq simpoziumda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq simpoziumun elmi komitəsinin üzvü seçilən alim “Mövlananın düşüncə dünyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Mövlananın düşüncələrinin dövrünü xeyli qabaqladığı və bunun əsas səbəbinin onun bəşəriyyətin daimi və universal prinsiplərini təsbit edə bilməsi olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, mütəfəkkirin həyatla bağlı fikirləri bu gün bütün dünya tərəfindən qəbul edilən bəşəri dəyərlərlə səsləşərək, müasir dövrdə də aktuallığını qorumaqdadır. Həmçinin Mövlananın yaradıcılığında insanın müxtəlif baxış bucaqlarından təhlil edildiyi qeyd olunub, ideal insandan bəhs edilib. Türk-İslam fəlsəfi fikrinin, eyni zamanda, Türk mədəni mirasının bir hissəsi olan Mövlananın dünya mədəniyyətinə və düşüncə tarixinə əhəmiyyətli töhfələr verdiyi qeyd olunub.
Tədbirdə Roida Rzayevanın məruzəsi yüksək qiymətləndirilib və məzmunlu çıxışına görə simpoziumun təşkilatçıları adından ona minnətdarlıq edilib.
Qeyd edək ki, beynəlxalq simpoziumun materialları nəşr olunacaq.