Azərbaycanlı diplomat Misirin aparıcı “Birinci” kanalına müsahibəsində Azərbaycan həqiqətlərindən danışmışdır
Qahirə, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin aparıcı peyk kanallarından olan “Birinci” kanala canlı yayımda müsahibə vermişdir (http://www.youtube.com/watch?v=tFMlaZiu0kM).
Müsahibəsində diplomat Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsi barədə ətraflı danışmış, Mixail Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələr haqqında tamaşaçılara məlumat vermişdir.
Ş.Abdullayev qeyd etmişdir ki, sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz qətiyyətli yolundan dönməmiş və qan bahasına da olsa öz müstəqilliyini yenidən bərpa etmişdir.
Müstəqillik dövründən danışan Ş.Abdullayev Azərbaycan xalqının təkidli tələbi ilə zəngin idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən gəldiyini bildirərək, bu ildə təcavüzkar Ermənistan ilə atəşkəsə nail olunduğunu, eləcə də həmin ildən etibarən ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların aparıldığını, onların çərçivəsində Azərbaycan xalqının rifahını təmin edən “Neft strategiyası”nın hazırlandığını və Neft Fondunun təsis edildiyini diqqətə çatdırmışdır. Diplomat Azərbaycanın BMT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edildiyini demişdir.
Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra ölkəmizin əldə etdiyi hərtərəfli nailiyyətlər barədə də ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun ağır nəticələri haqqında ətraflı danışan səfir məsələnin nizamlanması prosesi haqqında məlumat verərək Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə problemin hələ də öz həllini tapmadığını bildirmişdir.
Azərbaycan-Misir əlaqələrindən danışan diplomat ölkələrimiz arasında dərin tarixi köklərə söykənən dostluq əlaqələrinin olduğunu qeyd etmiş və Azərbaycanın bundan sonra da Misir ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulamışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə