AZƏRBAYCANLI GƏNCLƏR BEYNƏLXALQ XALQ YARADICILIĞI FESTİVALINDA BÖYÜK UĞUR QAZANMIŞLAR
Bakı, 26 avqust (AZƏRTAC). Avqustun 20-dən 23-dək Moskvada Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin və Moskva Dövlət Sosial-Humanitar İnstitutunun təşkilatçılığı ilə “Gənclər ili” çərçivəsində MDB-yə üzv ölkələr arasında sağlamlıq imkanları məhdud olan gənclərin I Beynəlxalq xalq yaradıcılığı festivalı keçirilmişdir.
Festivalın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan gənclər arasında yeni istedadlar aşkarlamaq, onların bacarıqlarını üzə çıxarmaq, yaradıcılıqlarını inkişaf etdirmələrinə və cəmiyyətə inteqrasiya olunmalarına şərait yaratmaqdır. Bundan əlavə, fiziki qüsurlu gənclər arasında ünsiyyət və dostluq əlaqələri qurmaq, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərlə işləyən dövlət və ictimai təşkilatların fəaliyyətlərini uzlaşdırmaq, onlar arasında təcrübə mübadiləsini aparmaq festivalın əsas qayələrindən biri olmuşdur.
“Biz var idik, varıq və bir yerdə olacağıq” və “Sərhədsiz imkanlar” devizləri altında keçirilən festivala 100-dən çox gənc qatılmışdır. Fiziki imkanları məhdud olan bu gənclər rəqs, vokal və jestlərlə hərəkət, instrumental ifa, aktyorluq məharəti və bədii qiraət, dekorativ-tətbiqi və xalq yaradıcılığı -rəngkarlıq, qrafika, foto kimi nominasiyalar üzrə yarışmışlar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi və texniki dəstəyi ilə respublikamız bu festivalda 7 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Əsasən xalq yaradıcılığı və dekorativ-tətbiqi sənət, instrumental ifa, vokal və milli rəqs kimi nominasiyalar üzrə çıxış edən azərbaycanlı iştirakçılar böyük uğur qazanmışlar. Dekorativ-tətbiqi sənət nominasiyası üzrə çıxış edən Murad Alxasov birinci yer - Qran-Pri mükafatına, Təhminə Həsənova ikinci yer - laureat mükafatına, Könül İsmayılova xüsusi mükafata layiq görülmüşlər. Xalq yaradıcılığı-rəngkarlıq nominasiyasında Aysel Əmirova ikinci yer - laureat mükafatına, rəqs müsabiqəsində Təhminə Həsənova birinci yer - Qran-Pri mükafatına, vokal nominasiyası üzrə çıxış edən Xalid Hüseynov ikinci yer - laureat mükafatına, instrumental ifa nominasiyasında isə İsmayılov Pərvin ikinci yer - laureat mükafatına sahib olmuşlar.
Murad Alxasovun milli naxış və ornamentlərlə işlənmiş tikmə və qobelenləri, xüsusilə təkəlduz tikmələri, Aysel Əmirovanın kətan üzərində yağlı boya texnikasında işlənmiş “Xəyallarda” və “Güllərim” rəsmləri, Təhminə Həsənovanın “Qara qız” milli rəqsi, gənc tar ifaçısı Pərvin İsmayılovun “Oxu tar” musiqi kompozisiyası və gənc vokal ifaçısı Xalid Hüseynovun “Bakı” mahnısı münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir.
Üç gün davam edən festival qaliblərin iştirakı ilə təşkil edilmiş qala konsert ilə tamamlanmışdır.