Azərbaycanlı kimyaçı alimlərin həmmüəllif olduğu kitab məşhur nəşriyyatda çapdan çıxıb
Bakı, 16 mart, AZƏRTAC
AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev və dosent Manaf Manafovun həmmüəllif olduğu kitab məşhur “Intech Open” nəşriyyatında çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Nano- və mikrokapsulasiya. Metodlar və tətbiqlər” adlı kitab 9 fəsildən ibarətdir. Kitabın “Strukturlaşdırılmış neft emulsiyalarının reologiyası” adlı VII fəsli yuxarıda adları qeyd edilən azərbaycanlı kimyaçı alimlər tərəfindən yazılıb. Tədqiqat işi həm strukturun əmələ gəlməsi, həm də dağılması ilə müşayiət olunan neft emulsiyalarının reologiyasına həsr edilib.
Qeyd edək ki, “Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. 2004-cü ildən etibarən nəşriyyat 87 min müəlliflə və 6 jurnalla əməkdaşlıq edir və bu illər ərzində nəşriyyat tərəfindən 2500 kitab və 6 jurnal dərc olunub. Təşkilatın məqsədi tədqiqatçılara elmi işlərini dünyanın müxtəlif ölkələrində yaymağa kömək etməkdən ibarətdir.