Azərbaycanlı tələbənin qatilini 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Moskva, 20 aprel, AZƏRTAC
Azərbaycanlı tələbənin qatilini 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Rusiyanın Volqoqrad şəhərində 17 yaşlı azərbaycanlı tələbə Teymur Qavrilovun qətlində təqsirli bilinən Vitali Vasilyevin məhkəməsi başlanıb. Məhkəmə koronavirus pandemiyası ilə əlaqədar yarımqapalı şəraitdə keçəcək. Məhkəmə salonuna yalnız məhkəmə prosesinin iştirakçıları buraxılacaq.
Teymur Qavrilovun qatili Vitali Vasilyevə qarşı Rusiya Cinayət Məcəlləsinin 4 bəndi, o cümlədən milli nifrət motivləri əsasında adam öldürmək, odlu silahda qeyri-qanuni şəkildə dəyişiklik edilməsi, həmçinin odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması maddələri üzrə ittiham irəli sürülüb. İstintaq materiallarına əsasən, V.Vasilyev 2020-ci il iyunun 12-də Volqoqrad Tibb Universitetinin 17 yaşlı tələbəsi Teymur Qavrilova küçədə hücum edərək, ona çoxsaylı bıçaq zərbələri endirib. Gənci qətlə yetirdikdən sonra Vasilyev Smolenskə qaçıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva