Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinistləri tərəfindən əsrlər boyu həyata keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət əvvəlcə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərgi, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr edilmiş “Xocalıya Ədalət” (beynəlxalq erməni terroruna qarşı yeni strateji model) üçcildliyi ilə tanış olub.
Tədbir faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda vurğulanıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinistləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olub. Xocalı soyqırımı da bu təcavüzkar və cinayətkar siyasətin davamıdır.
Tədbirdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları barədə geniş məlumat verilib.
Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.