“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində Xocalı soyqırımının qurbanları anılıb
Bakı, 26 fevral, AZƏRTAC
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı - XX əsrin faciəsidir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər azərbaycanlıları tarixi torpaqlarından qovub çıxarmaq, bu ərazilərdə "böyük Ermənistan" yaratmaq xülyasının erməni millətçilərinin uzun illər ərzində həyata keçirdikləri təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, hələ 1905-1907-ci, 1918-1920-ci, 194 -1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirilməsini, öz torpaqlarından deportasiya edilmələrini diqqətə çatdırıblar.
Qeyd edilib ki, 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda azərbaycanlıların yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi. O cümlədən, erməni millətçiləri Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində qətliamlar törətdilər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayətin müharibələr tarixində bənzəri olmayan hadisə olduğunu, bu soyqırımı aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncələr verildiyini də vurğuladılar.
Bildirilib ki, Ermənistanın bu gün də davam edən hərbi təcavüzü, o cümlədən XX əsrin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub.