REGİONLAR
“AzerGold” QSC-nin əməkdaşları Daşkəsəndə şəhid ailələrinə baş çəkib






Bakı, 27 sentyabr, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Daşkəsən rayonunda olan şəhid ailələri ziyarət edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qurumun Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.
Anım Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.