“Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasından üç il ötür
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” 2013-cü il fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən peykin orbitdə yararlılıq müddətinin 15 il olduğu bildirilib.
Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövrdə operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən, eləcə də özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Qısa müddətdə “Azerspace-1” peyki kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir. “Azerspace-1” peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos”un operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa, Afrika, Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. Hazırda peyk vasitəsilə Azərbaycan, gürcü, rus dillərində 16-sı yerli olmaqla, ümumilikdə 90 televiziya, 13 radio kanalı yayımlanır.
Şirkət ötən ilin mayında Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən NSTT şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, NSTT şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edir. İDirect platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edir. “Azərkosmos” və NSTT arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edir.
“Azerspace-1”, həmçinin ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının ən maraqlı anlarının, yarışların 74 beynəlxalq yayım tərəfdaşlarına ötürülməsində, Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayıb. "Azərkosmos" ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.
Ötən ilin oktyabrında, Qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşən və Kanadanın “MDA” korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC arasında Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilməsi üzrə müqavilə imzalanıb. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk, həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
Ölkəmiz üçün əlamətdar hadisələrdən biri də sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın Bakutel 2014 Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi zamanı Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin peyk operatoru “Azərkosmos”a təhvil verilməsi olub. Bununla da, “Azərkosmos” Geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Bu nailiyyət ölkəmizin mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirib.
Yer səthinin məsafədən müşahidəsi ölkəmizdə yeni bir sahədir. “Azersky” müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və digər sahələr üçün geniş imkanlar yaradır. Artıq Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında ölkə sərhədlərinin monitorinqində peykin imkanlarından istifadəyə dair memorandum imzalanıb. Bir sıra dövlət strukturları ilə də peykin xidmətlərindən istifadəyə dair danışıqlar aparılır.
“Azərkosmos” “Azersky” peykindən istifadə edərək yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoyub.
Bu xidmətlərin ölkəmizdə istifadəsinə dair məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə bir sıra işlər görülüb. Belə ki, “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı, kadastr və müdafiə və təhlükəsizlik, təbii sərvətlərin idarə edilməsi məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarlar keçirilib.
Keçən il dekabrın 2-də Bakıda keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində isə “Azerspace-2” peykinin orbitə buraxılmasına dair “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında saziş imzalanıb. “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırd etməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.