AZPROMO QUBALI İŞ ADAMLARI ÜÇÜN SEMİNAR KEÇİRMİŞDİR
AZPROMO-nun əməkdaşı Zaur Məmmədov tədbirin məqsədi barədə məlumat verərək bildirmişdir ki, seminar iş adamlarına ixracın artırılması və investisiyaların cəlb olunmasında yardım göstərəcək, qurumla işgüzar əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəkdir.
Çexiyalı ekspertlər Robert Heyzak və Yana Falatova “Necə birgə müəssisə tərəfdaşı olmalı?”, “Avropa İttifaqı ölkələrinə ixracatçıya necə çevrilməli: təsnifatlar, standartlar və yanaşmalar” mövzularında çıxış etmişlər. Çıxışlarda birgə müəssisələrin yaradılması səbəbləri, bu müəssisələrin tipləri, müsbət və mənfi cəhətləri, tərəfdaşın seçilməsi, münasibətlərin planlaşdırılması, uğursuzluğun ümumi səbəbləri, Avropa İttifaqı ölkələri ilə birgə ticarət siyasəti, qurumda lisenziya və mühafizə tədbirləri, müxtəlif bölmələr üzrə hüquqi normalar, Avropa ölkələrinə məhsul ixracı üçün həlli vacib məsələlər və s. haqqında ətraflı söz açılmış, xarici tərəfdaşların yeni bazarlara çıxmağa, yeni texnologiyalar əldə etməyə imkan verdiyi vurğulanmışdır. Natiqlər yerli şirkətlərə investisiya cəlb olunmasında AZPROMO-nun roluna xüsusi diqqət yetirmişlər.
Fondun regional layihələri üzrə meneceri Teymur Hacıyev qurumun iş adamlarına təklif etdiyi imkanlar barədə məlumat vermişdir. Demişdir ki, qurum istehsal və ixraca dair məsələlərin həllində iş adamları ilə dövlət rəsmiləri arasında vasitəçilik edə bilər, marketinq, idarəetmə və standartlaşdırma, xarici bazarlarda rəqabətə duruş gətirməklə bağlı məsələlər barəsində peşəkar tövsiyələr verər və s.
Yerli iş adamları seminarın təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, fəaliyyətlərində təklif olunan tövsiyələrdən və AZPROMO-nun imkanlarından istifadə edəcəklərinə söz vermişlər.
Bununla da Avropa İttifaqı TACIS proqramının yardımı, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə sentyabrın 18-dən başlayaraq bölgələrdə yerli iş adamları üçün keçirilən silsilə seminarlar başa çatmışdır. Xatırladaq ki, müvafiq tədbirlər Bakıda, Lənkəranda, Gəncədə keçirilmişdir.