ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsinin infrastrukturu genişləndirilir
Bakı, 22 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin cari il üçün yarımillik hesabatı müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 6 ay ərzində elmi-innovasiya fəaliyyəti çərçivəsində “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi işlərindən söz açıb. O, AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, texniki imkanların artırılması məqsədilə yaddaş və hesablama resurslarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
“AzScienceNet” şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlərdən söz açan məruzəçi 3Gbit/san. internet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlərin görüldüyünü, Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən GRİD elmi-tədqiqat mərkəzinin GEANT şəbəkəsinə qoşulması və “EapConnect” layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlığının quraşdırılması işləri ilə bağlı müəyyən tədbirlərin icra edildiyini bildirib.
B.Nəbiyev “AzScienceNet” şəbəkəsinin proqram təminatının yenilənməsi istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, şəbəkədə təhlükəsizlik və monitorinqlə bağlı işlərin daha səmərəli aparılması üçün yeni proqram təminatı qurulub.
Məruzəçi “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin yeni strukturunu və Verilənlərin Emal Mərkəzinin sektorlarının həyata keçirdiyi işləri diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev mərkəzin yarımillik fəaliyyətini yüksək qiymətləndirib, “AzScienceNet” şəbəkəsinin fəaliyyətinin yenidən təşkili və infrastrukturunun genişləndirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirib.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.