AzTU-da “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında ötən il noyabrın 15-də imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində Xidmətin əməkdaşlarının bu sahə üzrə təhsil alan tələbələrə ustad dərsləri keçməsi nəzərdə tutulub.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Xidmətin əməkdaşı Murad Balayev tərəfindən AzTU-nun tələbələri üçün “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib.
Dərs zamanı sosial mühəndisliyin növləri və hücum vektorları, sosial mediadan təhlükəsiz istifadə, fişinq hücumları və alətləri, faylların təhlükəsizliyi, “casus” proqramları, zərərverici proqramların yoluxma üsulları və onlarla mübarizə metodları haqqında ətraflı məlumat verilib. Həmçinin əsas və əlavə təhlükəsizlik tədbirləri, “cert.gov.az” saytında bir sıra təhlükəsizlik alətləri və xidmətləri də tələbələrin diqqətinə çatdırılıb, onların sualları cavablandırılıb.
Sonda tələbələr arasında təlim mövzusu üzrə bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb.