AzTU ingilis dilinin tədrisində Orta Doğu Texniki Universitetinin təcrübəsindən faydalanacaq
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ingilis dilinin tədrisinin müasir standartlar səviyyəsində qurulması üçün Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) təcrübəsindən faydalanacaq.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Türkiyə-Azərbaycan Universitetində (TAU) bununla bağlı keçirilən görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova, ODTÜ-nün Xarici Dillər Məktəbinin müdiri professor Çiğdem Sağın Şimşek və müdir müavini Qamze Demiral iştirak ediblər.
Bildirilib ki, AzTU-da ingilis dili tədrisinin müasir standartlar səviyyəsində təşkili və ingilis dili müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ODTÜ-nün müəllimləri mütəmadi olaraq təlimlər keçirəcəklər.
Bundan başqa, AzTU və ODTÜ ingilis dilini öyrənmək, eləcə də ingilis dili biliklərini təkmilləşdirmək istəyən şəxslər üçün birgə kurslar təşkil etməyi planlaşdırır.
ODTÜ-də ingilis dili tədrisi Türkiyənin ən güclü proqramlarından biri hesab olunur. Bu təcrübənin öyrənilməsi və tətbiqi ali təhsildə xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyət daşıyır.