Bahar Muradova: Xocalı soyqırımını törədənlər gec-tez ədalət məhkəməsi qarşısına çıxacaqlar
Bakı, 17 fevral, AZƏRTAC
Xocalı soyqırımını törədənlər gec-tez ədalət məhkəməsi qarşısına çıxacaqlar.
Bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova fevralın 17-də parlamentdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı ictimai müzakirədə səsləndirib.
Xocalı soyqırımının nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığdığını söyləyən Bahar Muradova ötən müddətdə həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövlətinin bu faciənin, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini deyib ki, hər il Xocalı soyqırımı ərəfəsində keçirilən tədbirlər daha da intensivləşir. Cinayətkarların ədalət məhkəməsi qarşısında dayanması tələb olunur. Gec-tez bunun baş verəcəyinə inanırıq. Ona görə bu istiqamətdə bütün lazımi addımlar atılır.
Bahar Muradova qeyd edib ki, Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyindən münasibət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra baş verdi. Məhz o dövrdə ilk dəfə olaraq beynəlxalq qurumlara Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edildi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı.
Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində ardıcıl siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Azərbaycanın artan nüfuzu imkan verir ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin.