SİYASƏT
BAK-ın səyi nəticəsində erməni lobbisinin növbəti təxribatının qarşısı alınmışdır
Paris, 12 mart (AZƏRTAC). Benilüks Azərbaycanlıları Konqresinin (BAK) səyi nəticəsində erməni lobbisinin növbəti təxribatının qarşısı alınmış, eyni zamanda ermənilərin Azərbaycanın əleyhinə Avropada apardıqları növbəti məkrli siyasət ifşa olunmuşdur.
BAK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Hollandiyada kütləvi tirajla nəşr olunan və ictimai nəqliyyatda əhali arasında pulsuz yayımlanan gündəlik “Metro” qəzetinin 2 mart nömrəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın turizm imkanları və ora səfərlərin təşkilinə dair reklam, habelə üzdəniraq “respublika”nın bayrağı dərc olunmuşdu.
BAK-ın sədri Sahil Qasımov bununla bağlı qəzetin redaksiyasına etiraz məktubu göndərmişdir. Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın apardığı işğalçılıq siyasəti, erməni hərbi birləşmələrinin silah gücünə ata-baba yurdlarından zorla çıxardıqları bir milyondan artıq azərbaycanlının öz doğma vətənlərində qaçqın və məcburi köçkün düşməsi barədə məlumatlar diqqətə çatdırılmış, redaksiyadan erməni lobbisinin yalanlarına uyaraq dərc edilmiş qeyri-dəqiq materiala təkzib verilməsi tələb olunmuşdur.
Bundan sonra qəzetdə həmin materiala təkzib verilmişdir. Qəzetin 9 mart nömrəsində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” adlı yazıda martın 2-də yanlışlığa yol verildiyi bildirilmiş, “Dağlıq Qarabağ Respublikası” adlı qurumun dünya ictimaiyyəti və ölkələri tərəfindən tanınmadığı, bu qondarma “respublika”nın bayrağının mövcud olmadığı oxucuların diqqətinə çatdırılmışdır. Qəzetin rəhbərliyi BAK-dan və Hollandiyada yaşayan azərbaycanlılardan üzr istəmişdir.
Təkzib materialında Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha rəsmi olaraq təsdiqini tapmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris