BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4909 manata bərabər olmuşdur. Təklif 500 min və tələb 420 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4909 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4911 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 547 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 12,508 milyarddır. Bir əqdə, orta hesabla, 318 375 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 rus rublu üçün 169,74 manat məzənnə ilə, ümumən, 500 min rublluq əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit
bazarında banklar, ümumən, 38,816 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 26-da illik 10 faiz olmaqla 1 milyard 500 milyon manat borc götürülməsinə dair banklararası əqd qeydə alınmışdır. Kreditin müddəti 21 gündür.