BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə sentyabrın 17-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8114 AZN olmuşdur.
Birja hərraclarının elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8114 AZN-ə bərabər olmuşdur. USD/AZN T+0 aləti üzrə 317 460 AZN həcmində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BHES-in gündüz sessiyasında tələbat olmadığından USD/AZN T+0 aləti üzrə dilerlər tərəfindən əqdlər bağlanmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 390 000 dollara çatmışdır ki, bu da manat ekvivalenti ilə 317 460 AZN-ə bərabərdir.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,86 faiz, ABŞ dolları üzrə isə 17,86 faiz təşkil etmiş, 30 və 90 gün müddətinə illik 16,00 faizlə müvafiq olaraq 1 000 000 USD və 5 200 000 USD həcmində əqdlər qeydə alınmışdır.