BAKI CAZ KLUBUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Rusiya İlinin açılışı ilə bir vaxta düşən D.Şostakoviç festivalı çərçivəsində keçirilən silsilə tədbirlər bu konfransla başlanır.
Konfransı Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli açaraq, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin himayəsi ilə bu möhtəşəm tədbiri təşkil etdiyi üçün müasir dövrümüzün böyük musiqiçisi Mstislav Rostropoviçə minnətdarlığını bildirmişdir. O demişdir ki, musiqi dünyasının dahi nümayəndəsi D.Şostakoviçin mənəvi dəyərlərin və istiqamətlərin əsasını qoyan yaradıcılığı bizimlə birlikdə keçmişdən bu günümüzə gəlib çıxmışdır.
Konfrans iştirakçıları rejissor Aleksandr Sakurovun 1981-ci ildə çəkdiyi “Alt sonatası. Dmitri Şostakoviç” filmindən parçalara baxmışlar.
Bakı Musiqi Akademiyasının professoru Elmira Abbasova “Azərbaycan bəstəkarlarının yaradıcılığında D.Şostakoviç ənənələrinin inkişafı” məruzəsi ilə çıxış etmişdir.
Sonra sənətşünaslıq doktoru, Rusiya Bəstəkarlar İttifaqının və Müasir Musiqi-2 Assosiasiyasının üzvü Rauf Fərhadov, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə və başqaları çıxış etmişlər.