“Bakı debat forumu - Yaşıl düşüncə Kuboku -2012” layihəsi başa çatmışdır
Bakı, 21 may (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası ilə birgə həyata keçirdiyi “Bakı debat forumu - Yaşıl düşüncə Kuboku- 2012” layihəsinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı mayın 21-də “Park İnn” hotelində keçirilən mərasimdə layihənin təşkilatçıları və iştirakçıları ilə yanaşı, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin nümayəndələri də iştirak etmişlər.
Tədbirdə “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov və başqaları çıxış edərək tələbələrə debatlarda fəal iştiraklarına və ətraf mühitin mühafizəsinə göstərdikləri marağa görə minnətdarlıqlarını bildirmiş, tullantıların çeşidlənməsinin gənclər tərəfindən təbliğ edilməsini yüksək qiymətləndirmiş və bunun əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, məişət tullantılarının idarə olunmasına və ətraf mühitin mühafizəsinə gənclərin “yaşıl” düşüncə prizmasından sağlam yanaşmalarını təbliğ etmək məqsədi ilə reallaşmış layihə çərçivəsində 18 ali təhsil müəssisəsindən 2 mindən artıq tələbəyə təlimlər keçirilmiş, universitetdaxili və universitetlərarası debat forumları təşkil edilmişdir.
Qeyd edilmişdir ki, layihəyə “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyi təşkilati dəstək göstərmişdir. Layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirakçılara bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları, o cümlədən tullantıların azaldılması, təkrara istifadə və çeşidləməni nəzərdə tutan “3R” konsepsiyası haqqında məlumat verilmişdir. Debatlar zamanı tələbələr bərk məişət tullantılarının vətəndaşlar tərəfindən aparılmasının daha səmərəli olması və digər mövzularda müzakirələr aparmışlar.
Tədbirdə debat yarışlarının finalında Azərbaycan və rus bölmələri üzrə qalib gələn iki universitetin komandasına “Yaşıl düşüncə” Kuboku təqdim olunmuşdur. Debatlarda iştirak etmiş bütün tələbələrə isə sertifikatlar verilmişdir.