BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ BÖYÜK BRİTANİYALI QONAQLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Bakı Dövlət Univesitetində britaniyalı qonaqlarla görüş keçirilmişdir. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva bu görüşü yüksək qiymətləndirərək demişdir ki, bu cür ünsiyyət beynəlxalq münasibətlər, elmi, ictimai və insanlararası münasibətləri müəyyənləşdirir, cəmiyyətləri, sivilizasiya və mədəniyyətləri düzgün yola istiqamətləndirir.
Baronessa Vivyen Stern bildirmişdir ki, Azərbaycana səfərinin məqsədi ölkənin penitensiar sistemindəki islahatların siyasi və ictimai əhəmiyyətini artırmaq, Ədliyyə Nazirliyinə, onun müvafiq deprtamentlərinə və vətəndaş cəmiyyətinə dəstək olmaqdır. Səfər, həmçinin Con Smit Təqaüd Proqramının Azərbaycanda tanıdılması məqsədini daşıyır.
O, bir neçə cəzaçəkmə müəssisəsində olduqlarını, penitensiar sistemdə müsbət dəyişikliklərin şahidi olduqlarını qeyd etmişdir.
Covanna Ləmb təmsil etdiyi Fond barədə məlumat verərək demişdir ki, qurum on ildir fəaliyyət göstərir və 7 keçmiş sovet respublikasını əhatə edir. Məqsəd bu ölkələrdə gənc liderlər hazırlamaqdır. Proqram çərçivəsində Azərbaycandan müsabiqə yolu ilə üç gənc seçiləcəkdir. Onlar beş həftə ərzində proqramda iştirak edəcək və ömürlük Con Smit təqaüdünün məzunu hesab olunacaqlar. Qeyd olunmuşdur ki, layihənin rəhbəri “British konsul” şirkətinin Bakı ofisidir.
Con Smit haqqında filmin nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.