BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA–nın müxbir üzvü Abel Məhərrəmov xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və onun beynəlxalq aləmdə nüfuzunun artmasında tarixi xidmətlərini vurğulamış, ulu öndərimizin məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl və əzmlə davam etdirildiyini bildirmişdir.
Heydər Əliyev siyasi irsinin əhəmiyyətini diqqətə çatdıran rektor, bu irsin daha dərindən öyrənilməsinin vacibliyini söyləmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məruzə ilə çıxış edərək, müstəqil dövlətimizin yaranmasının və qorunub saxlanmasının ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulamışdır.
1988-1992–ci illərdə baş verən qanlı, faciəli hadisələri xatırladan Z.Əsgərov bildirmişdir ki, xalqın təkidli tələbi ilə qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qaydışından sonra ölkəmiz parçalanmaq və dağılmaq təhlükəsindən xilas olmuş, dinamik inkişaf yoluna çıxmışdır. Bu gün respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur.
Natiq ümumxalq səsverməsi yolu ilə 1995–ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında müdrik rəhbərimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmiş, Əsas Qanunumuzun demokratik, suveren ölkəmizin inkişafına, onun işıqlı sabahına və hər bir vətəndaşın hüquq və azadlığının qorunmasına xidmət etdiyini bildirmişdir.
Ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən bu gün çox uğurla həyata keçirildiyini qeyd edən Z.Əsgərov, ölkəmizin iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin, incəsənətinin dinamik inkişaf etdiyini konkret faktlarla nəzərə çarpdırmışdır.