Bakı Dövlət Universitetində “Məzun günü”
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” tədbiri keçirilib. Tədbir məhdud sayda məzunun iştirakı ilə açıq havada karantin rejiminin qaydalarına ciddi riayət edilməklə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağını Tarix fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Nəzər Əlizadə və BDU-nun bayrağını universitetin məzunu, dünya çempionu və 2 qat Avropa çempionu Rövşən Bayramov qaldırıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
BDU-nun rektoru Elçin Babayev tədbirdə çıxış edərək bu il universitetdən 5963 tələbənin məzun olduğunu bildirib. E.Babayev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, BDU-nun əldə etdiyi nailiyyətlərdən danışıb. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən BDU-nun 18 şəhid məzununun xatirəsinin daim əziz tutulduğunu bildirib. Gənclərə öz tövsiyələrini verən rektor vurğulayıb ki, builki məzunlar xoşbəxtdirlər, onlar Zəfər ilinin məzunlarıdır. Onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar. Əminik ki, Vətənə layiqli övlad kimi fəaliyyət göstərəcəklər.
Elçin Babayev qeyd edib ki, 102 illik tarixi olan Bakı Dövlət Universiteti təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişdirib.
“Siz məzunların da bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacağınıza, fəaliyyətinizdə dövlətçilik prinsiplərini əsas tutacağınıza inanıram. BDU-ya qəbul olunduğunuz gündən bəri müəllimləriniz sizin biliklərinizin artırılması, potensialınızın üzə çıxarılması, dünyagörüşünüzün inkişafı yönündə əllərindən gələni ediblər. Siz gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsi günümüzün vacib məsələlərindən biridir. Biz çox sevinirik ki, siz Bakı Dövlət Universitetinin missiyasını anlayır, ona dəyər verirsiniz”, - deyə Elçin Babayev bildirib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edərək məzunları təbrik ediblər.
BDU-nun professor-müəllim heyəti adından Milli Məclisin deputatı, universitetin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyev, Hüquq fakültəsindən məzun olan Şərqiyyə Məmmədova, məzun valideynləri adından Qabil Abdiyev çıxış edərək gənclərə uğurlar arzulayıblar.
Tədbirə BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinin hazırladığı musiqi nömrələri, rəqs və kompozisiyalar rəng qatıb.
Lalə Hüseynzadənin təqdimatında “Qarabağ Azərbaycandır” qum kompozisiyası, “Qarabağ” və “Azərbaycan naxışları” kompozisiyaları, həmçinin müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub. Xalq artistləri Samir Cəfərov, Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, Çilənay Hüseynova, Aygün Məmmədova məzunlara öz musiqi töhfələrini veriblər.
Sonra universitet üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) olan məzunlar - bakalavr səviyyəsi üzrə Hüquq fakültəsinin tələbəsi Nəzrin Əliyeva, magistratura səviyyəsi üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Turana Tağıyeva BDU-nun rektoru ilə birgə universitetin xatirə lövhəsinə adlarını həkk ediblər.
Fakültələr üzrə bakalavr və magistratura səviyyələri üzrə ən yüksək ÜOMG göstəricisi əldə etmiş məzunlara hədiyyələr təqdim edilib.
Tədbir BDU-nun himninin səsləndirilməsi ilə başa çatıb.