“Bakı Metropoliteni”nin tikinti anbarında baş vermiş “yanğın” söndürülüb – Təlim
Bakı, 21 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Tikinti üzrə anbar təsərrüfatı bölməsi”ndə birgə təlim-məşq keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin mövzusu bölmənin 11 saylı anbarında baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in 112 - qaynar telefon xəttinə “məlumat verilib”.
Sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana operativ gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri davranış qaydaları, metropoliten ərazisində mümkün yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.