CƏMİYYƏT
Bakı Regional Mərkəzi Yasamal rayonunda tədbir keçirmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, növbəti belə tədbir Yasamal Rayon İcra Hakimiyyətində keçirilmişdir.
Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər.
Çıxışlarda bəzi yerlərdə dəmir dirəklərin və şlaqbaumların, binalararası beton maneələrin yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaratdığı, bunun da bədbəxt hadisələrin sayını artırdığı xüsusi qeyd olunmuşdur.
Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin, Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının nümayəndələri “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.
Müşavirədə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə, eləcə də yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomaterial da nümayiş olunmuşdur.