BAKI ŞƏHƏR PROKURORLUĞUNDA ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Ədalət Mirsalamlı çıxış edərək, insan hüquqlarının müdafiəsinin aktual vəzifə olduğunu, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Şəhər prokuroru demişdir ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanının 7-ci bəndində xüsusi vəzifə kimi qarşıya qoyulmuşdur. Digər tərəfdən, Azərbaycan Avropa Şurasınını tamhüquqlu üzvüdür. Bu beynəlxalq qurumun üzvü olan ölkələrdə insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi işinə xüsusi diqqət yetirilir. Odur ki, Bakı Şəhər Prokurorluğu vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin təkmilləşdirilməsi üçün tədbirlər planı işləyib hazırlamışdır və onu səylə həyata keçirir.
Əməliyyat müşavirəsində bu ilin aprelində Azərbaycan Respublikası baş prokurorunun yanında keçirilən əməliyyat müşavirəsində qəbul olunmuş qərardan irəli gələn vəzifələr, habelə Baş Prokurorluqdan daxil olmuş “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyətinə dair icmal-məktub” müzakirə olunmuş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilmiş, idarə və şöbə rəislərinə, tabe prokurorlara müzakirə olunan məsələ ilə bağlı işi təkmilləşdirmək barədə tapşırıqlar verilmişdir.
Müşavirəyə şəhər prokuroru Ədalət Mirsalamlı yekun vurmuşdur.