BAKI SLAVYAN UNİVERSİTETİNDƏ NÖVBƏTİ “SƏFİR SAATI” KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Kamal Abdullayev tədbiri açaraq görüşün əhəmiyyətini diqqətə çarpdırmışdır.
Ölkəmizin xarici siyasətinin perspektivlərindən danışan N.Məmmədov bildirmişdir ki, XX əsrin sonlarında nail olduğu müstəqilliyi qoruyub saxlamaq, onu inkişaf etdirmək Azərbaycan üçün heç də asan məsələ deyildi. Ölkəmizin xarici siyasətində Prezidentin atdığı hər bir addımda dövlətin marağı üstün tutulur.
Tələbələrin çoxsaylı suallarını cavablandıran qonaq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq səviyyədə müzakirə olunsa da, problem hələ də həllini tapmayıb. Lakin 2006-cı ildə məsələnin həllində müəyyən irəliləyişə ümid edilir.
Suallara cavab verərkən Azərbaycanın ABŞ-la, İranla və başqa dövlətlərlə münasibətlərdə müstəqil siyasət yetirdiyini diqqətə çarpdıran N.Məmmədov, ölkəmizin Şərqi Avropa dövlətləri ilə əlaqələrindən də bəhs etmişdir. BSU-nun Azərbaycanda Şərqi Avropa ölkələrinin dilini, mədəniyyətini, coğrafiyasını, tarixini, iqtisadiyyatını öyrənən yeganə ali məktəb olduğunu vurğulayan qonaq, bu istiqamətdə həyata keçirdiyi tədbirlərdə universitetin kollektivinə uğurlar arzulamışdır.
Sonda N.Məmmədov fəxri qonaqlar kitabına ürək sözlərini yazmış və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.