Bakı və Abşeronun su təhlükəsizliyi: strateji baxış və yeni həllər
Bakı, 14 yanvar, AZƏRTAC
Müasir dünyada su ehtiyatlarına çıxış yalnız sosial rifah deyil, milli təhlükəsizlik və iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir. İqlim dəyişikliyi, urbanizasiya və əhali artımı su resurslarına təzyiqi artırır. Prezident İlham Əliyevin Bakı və Abşeron yarımadasının su təminatına həsr olunmuş müşavirədəki çıxışı mövcud vəziyyətin təhlili ilə yanaşı, uzunmüddətli strateji baxışın təqdimatı kimi dəyərləndirilir.
Milli Məclisin deputatı Zaur Şükürov AZƏRTAC-a açıqlamasında bildirib ki, son 20 ildə həyata keçirilən infrastruktur layihələri enerji, nəqliyyat və su təminatında keyfiyyətcə yeni mərhələ yaradıb.
“Bu dövrdə dörd böyük su anbarı – “Taxtakörpü”, “Şəmkirçay” və digərləri inşa edilib, “Ceyranbatan” yenidən qurulub, Oğuz–Qəbələ–Bakı su kəməri paytaxtın içməli su təminatında kritik rol oynayır. Artan tələbat və gələcək risklər fonunda sistemli yanaşma zəruridir. Bu baxımdan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” strateji dönüş nöqtəsi olacaq. Proqramın əsas hədəfləri arasında fasiləsiz içməli su ilə təmin olunan əhalinin payını 95 faizə çatdırmaq, 30-a yaxın yeni su anbarı tikmək, su itkilərini minimuma endirmək, kanalizasiya xidmətini 95 faizə yüksəltmək və yağış suları kollektorlarının qurulması yer alır. Yeniliklərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun inşasıdır. Layihə xarici investisiyalar hesabına həyata keçiriləcək və illik 100 milyon kubmetrədək əlavə içməli su ehtiyatı yaradacaq. Bundan başqa, təmizlənmiş tullantı sularının təkrar istifadəsi, qrunt sularından istifadə və “ağıllı su şəbəkələri”nin qurulması nəzərdə tutulur. SCADA və IoT texnologiyalarının tətbiqi su itkilərinin azaldılmasına və real vaxt rejimində monitorinqə imkan verəcək”, - deyə Zaur Şükürov vurğulayıb.
Deputat onu da vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı və qəbul edilən Dövlət Proqramı Bakı və Abşeronun su təminatının kompleks, uzunmüddətli strategiya əsasında həllini təmin edəcək.