Bakıda 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilmişdir
Bakı, 5 iyun AZƏRTAC). BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Azərbaycanda fəaliyyət göstərən “Təmiz Şəhər” ASC ilə birgə 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmişdir.
Bu əlamətdar gün münasibətilə “Təmiz Şəhər” ASC-nin Bakı şəhərindəki iki zavoduna universitet tələbələrinin iştirakı ilə maarifləndirici tur təşkil olunmuşdur.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, tələbələr bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarında enerjinin alınması prosesi və qarışıq tullantıların növlərinə görə bir-birindən necə ayrılması prosesi ilə əyani tanış olmuşlar.
“Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tur iştirakçılarına müəssisələrin işi, həmçinin həyata keçirilmiş layihələr və gələcək planlar barədə ətraflı məlumat vermişlər.
Bundan başqa, tur iştirakçılarına gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldilməsi üçün əməli fəaliyyətin təşviq olunmasına dair məlumatlar çatdırılmışdır.
1972-ci ildə BMT-nin Baş Assambleyasının iclasında təsis edilmiş Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün builki şüarı belədir: “Səsini qaldır, dənizin səviyyəsini yox!”
BMT baş katibinin bununla bağlı müraciətində deyilir: “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə bütün dünyadan olan milyonlarla fərd, ictimai qurum və ticarət müəssisəsi yerli layihələrdə iştirak edir - kampaniyalar keçirməkdən tutmuş incəsənət sərgiləri, ağac əkilməsinə qədər. Bu il mən hər kəsi inkişafda olan Kiçik Ada Dövlətlərinin acınacaqlı vəziyyəti barədə düşünməyə və davamlı inkişaf üçün işləri və dayanıqlılığı gücləndirməyə, iqlim dəyişikliyini həll etmək səylərindən ilhamlanmağa çağırıram. Səsinizi qaldırın, dənizin səviyyəsini yox. Planet bizim ortaq adamızdır. Gəlin onu qorumaq üçün güclərimizi birləşdirək”.