Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Məhəmmədi kəndində 1700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 2 ədəd 1600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb. Bundan başqa, 10 kV “Məhəmmədi-1”, 10 kV “Məhəmmədi-4” və “Məhəmmədi-5” hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xətlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb. Beləliklə, 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa, qəzaların sayı azalacaq, itkilərin həcmi minimuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.