“BAKIDA ART NOUVEAU MEMARLIĞI” ADLI FOTOSƏRGİ AÇILMIŞDIR
Nazir Əbülfəs Qarayev mərasimi açaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 18 avqust tarixli Sərəncamı ölkəmizin ali hakimiyyətinin bu məsələyə verdiyi böyük əhəmiyyətin bariz nümunəsidir. Bu tədbirin həmin Sərəncamın icrası istiqamətində atılmış addım olduğunu diqqətə çatdıran nazir demişdir ki, Art Nouveau (yeni incəsənət) bir cərəyan kimi Avropada XIX əsrin sonu–XX əsrin əvvəllərində yaranmışdır. O, yeni memarlıq üslubunun başlıca xüsusiyyətlərini özündə cəmləşdirir, dekorativ və memarlıq–planlaşdırma məsələlərinin kompleksli həllinə meyl etməklə nəbati formalara üstünlük verir. Bilərəkdən mürəkkəbləşdirilmiş memarlıq həcmləri, heykəlvari formaların əcaib əyintiləri, təbiətə uyğunlaşdırılmış motivlərdən istifadə - bunların hamısı bənzərsiz, dərhal tanınan Art Nouveau estetikasının səciyyəvi cəhətləridir.
Mərasimdə vurğulanmışdır ki, Şərq və Qərb sivilizasiyasının kəsişdiyi coğrafi ərazidə yerləşən Bakı şəhəri XX əsrin əvvəllərində Avropa memarlığındakı bu yeniliyə biganə qala bilməzdi. Bu ərəfədə Bakı memarlıq salnaməsinin daş kitabələri incə naxışlı nümunələrlə, təkrarsız memarlıq örnəkləri ilə zənginləşmişdir. Memarlıqdakı bu sıçrayış bilavasitə neft təlatümü ilə bağlı olmuşdur. Sərgi tamaşaçılara köhnə Bakı ilə tanış olmaq imkanı yaratmışdır.
Sərgi ilə bağlı bəzi məqamlar da diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, bu layihənin təşəbbüsçüsü gürcüstanlı sənətşünas Nestan Tataraşvilidir. Layihə Azərbaycan və Gürcüstan da daxil olmaqla Art Nouveau memarlığını özündə birləşdirən turizm marşrutunu əhatə edəcəkdir. Həmin marşrutun Ümumavropa mədəni turizm şəbəkəsinə daxil edilməsi planlaşdırılır. Azərbaycan tərəfdən layihənin təşəbbüskarı və tur operatoru respublikamızın aparıcı turist şirkəti “İmprotexTravel”dir.
Sərgidə Art Nouveau üslubunda işlənmiş bina və dekorativ elementlərlə yanaşı, onların əsas sifarişçiləri haqqında da məlumat verilmişdir.