BAKIDA AVROPA ŞURASININ GƏNCLƏRLƏ İŞ ÜZRƏ DAİMİ KOMİTƏSİNİN YAY MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Bakı, 25 avqust (AZƏRTAC). Avqustun 25-də “Park İnn - Azərbaycan” mehmanxanasında Avropa Şurasının (AŞ) Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi öz işinə başlamışdır.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞ-nin Gənclərlə iş üzrə daimi Komitəsinin direktoru Rene Veynqartner, bir sıra ölkələrin gənclərlə iş sahəsində çalışan yüksək vəzifəli məmurları və Avropanın gənclər təşkilatlarının rəhbərləri iştirak edirlər.
Tədbirdə çıxış edən Azad Rəhimov yay məktəbinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmışdır. Nazir Azərbaycanın AŞ ilə bir sıra sahələrdə əməkdaşlıq etdiyini və gənclər siyasəti ilə bağlı əlaqələrə xüsusi diqqət yetirdiyini bildirmişdir.
Səməd Seyidov isə gənclər üçün yay məktəblərinin təşkil olunmasının vacib olduğunu və bu tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, gənclərlə iş sahəsində Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini demişdir.
Rene Veynqartner isə rəhbərlik etdiyi komitənin artıq beşinci dəfədir ki, yay məktəbi təşkil etdiyini söyləmişdir. Bakıya bir neçə dəfə gəldiyini deyən qonaq Azərbaycanın gözəl və maraqlı ölkə olduğunu bildirmişdir. R.Veynqartner rəhbərlik etdiyi komitəyə üzv ölkələr arasında Azərbaycanın gənclər və idman sahəsində ən fəal olduğunu diqqətə çatdırmışdır. O demişdir ki, Azərbaycan hər zaman innovativ tədbirlərlə çıxış edir. Biz yalnız müəyyən danışıqlar aparmırıq, həm də konkret addımlar atırıq. Əminəm ki, bu yay məktəbi çərçivəsində məhsuldar müzakirələr keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa Şurasının və Avropa Komissiyasının gənclərlə iş sahəsində həyata keçirdiyi fəaliyyəti və gənclər siyasətinin təsir mexanizmlərini müzakirə etmək, AŞ-nin bu sahədə iş prinsipi, metodları və məqsədləri ilə yaxından tanış olmaqdır.
Beş gün davam edəcək tədbirdə gənclərlə iş sahəsində Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyası təqdim olunacaq, müxtəlif mövzular ətrafında debatlar keçiriləcəkdir.
######
![]() |
![]() |

