BAKIDA BEYNƏLXALQ İNŞAAT VƏ DAŞINMAZ ƏMLAK SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
İteca Caspian şirkətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət təmsil olunacaqdır. Almaniya, Fransa, Polşa, Rusiya, Avstriya, Türkiyə və digər xarici ölkələrdən olan şirkətlərlə yanaşı Azərbaycanın tanınmış “Baku steel”, “Matanat-A”, “Knauf”, “Fab”, “Mr.Fix” şirkətləridə pəncərə və qapılar, divar kağızları, döşəmə və dam örtükləri, çilçıraqlar, dekor elementləri, eləcə də inşaat və təmir üçün nəzərdə tutulmuş bir sıra yeni məhsullar, xidmətlər nümayiş etdirəcəklər.
İştirakçılar ilk dəfə olaraq, “AzRealty-2006” sərgisində Azərbaycanın daşınmaz əmlak bazarının müxtəlif seqmentləri, sığorta, memarlıq-layihə, inşaat-sərmayə və qiymətləndirmə haqqında dolğun məlumat alacaq, ilkin və təkrar bazarlar, elit ticarət və şəhərkənarı daşınmaz əmlakla tanış olacaq, bankların ipoteka şərtlərini öyrənə biləcəklər.
Beynəlxalq sərgi İqtisadi İnkişaf və Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, TÜSİAB, Azərbaycan Memarlar İttifaqı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasıyası tərəfindən rəsmi dəstəklənmişdir.