Bakıda beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirilib ki, üçüncü dəfədir Azərbaycanda təşkil edilən beynəlxalq "Mübarizlər" yarışında 35 komanda, minə yaxın iştirakçı qeydiyyatdan keçib.
Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan layihə rəhbəri deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Hər il ölkəmizdə bir neçə beynəlxalq idman tədbiri keçirilir.
“Mübarizlər” unikal və beynəlxalq statusa malik bir layihədir. Bu layihənin adı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı ilə bağlı olduğundan biz çox inanırıq ki, gənclərimizdə vətənpərvərliyə, onların milli ruhda tərbiyə olunmasına öz töhfəsini verəcək.
Sonra yarışa start verilib.
Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.
Kişilərin fərdi yarışında birinci yeri Ravil Xazıyev, ikinci yeri Aynur Ahmednəbiyev, üçüncü yeri isə Aleksandr Taqansev tutub.
Qadınların fərdi yarışında birinci yerdə Natalya Studinkina, ikinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Sima Səfərova qərarlaşıb.
Komanda hesabında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası birinci olub. “Bank of Baku”nun komandası ikinci, “Alten Group”un komandası üçüncü yerə çıxıb.
Bundan əlavə, güc strukturlarının komandaları arasındakı yarışda isə Fövqəladə Hallar Nazirliyinin komandası birinci olub.
Qaliblərə medal, kubok, diplom təqdim olunub.
Qeyd edək ki, böyük maraq doğuran “Mübarizlər” layihəsi ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur.
Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur.