CƏMİYYƏT
Bakıda “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar təmizlik aksiyası təşkil olunub
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirdilər ki, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən aksiyanın məqsədi çimərlik ərazilərində olan tullantıların toplanması, gənclərin təbiət ərazilərinin təmiz saxlanılması işinə cəlb olunması, eyni zamanda dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət edərkən ərazini təmiz saxlamağa çağırmaqdır.
Aksiya “Təmizlik həftəsində təbiət üçün birgəyik” şüarı altında 100-ə yaxın könüllü gəncin iştirakı ilə keçirilib. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara uyğun olaraq xüsusi əlcəklər geyinib, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləyiblər. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi hər il sentyabr ayında Bakı şəhərinin müxtəlif sahilyanı ərazilərində təmizlik aksiyaları həyata keçirir.