Bakıda doğulan məşhur kinorejissor Vladimir Menşov vəfat edib
Bakı, 5 iyul, AZƏRTAC
Bakıda doğulan daha bir məşhur şəxsiyyət, görkəmli sovet və Rusiya kinorejissoru, aktyor, ssenarist, prodüser, “Mosfilm” kinostudiyasının İdarə Heyətinin üzvü Vladimir Menşov 82 yaşında koronavirus infeksiyasının nəticələri səbəbi ilə vəfat edib.
Vladimir Valentinoviç Menşov 1939-cu il sentyabrın 17-də Bakıda anadan olub. O, doğulduğu, uşaqlığını keçirdiyi, birinci sinfə getdiyi şəhəri çox sevirdi. “Bakı mənə yalnız həyat verməyib, həm də xəyalımı reallaşdırmağıma kömək edib”, - deyə o 2019-cu ildə sonuncu dəfə Bakıya səfəri zamanı verdiyi müsahibəsində söyləyib.
O, Moskva İncəsənət İnstitutunun məktəb-studiyasını və ÜDKİ-də rejissorluq kafedrasının aspiranturasını bitirib. Böyük kinoda aktyor kimi 1972-ci ildə ilk rolda çəkilib. Onun hesabında 120-ə yaxın rol var.
1978-ci ildə Menşov sonradan ona beynəlxalq şöhrət gətirən “Moskva göz yaşlarına inanmır” filminin çəkilişlərinə başlayıb. Filmdə baş rolda onun həyat yoldaşı Vera Alentova çəkilib. 1981-ci ildə film "Xarici dildə ən yaxşı film" nominasiyasında dünyanın ən nüfuzlu kinematoqrafiya mükafatlarından biri olan “Oskar” mükafatına layiq görülüb.
"Sevgi və göyərçinlər" komediyası 1984-cü ildə Sovet prokatının lideri oldu. Bu film İspaniyada komediyalar festivalında "Qızıl top" baş mükafatına layiq görüldü.
Vladimir Valentinoviç fəal ictimai fəaliyyətlə məşğul olurdu - o, “Mosfilm”in İdarə Heyətinin, ÜDKİ-nin Himayəçilik Şurasının (pedaqoji fəaliyyətlə məşğul idi), Rusiya Kinematoqrafçılar İttifaqının üzvü idi. 2010-cu ilin dekabrında Rusiya CİFX-nin yanında İctimai Şuranın sədri seçilmişdi.
Vladimir Valentinoviç Menşov RSFSR-in Xalq artisti fəxri adı (1989), SSRİ Dövlət mükafatı (1981), N.K.Krupskaya adına RSFSR Dövlət mükafatı (1978), “Oskar” Kinoakademiyasının mükafatı (1981), Qızıl Qartal mükafatı (2014), “Vətənə xidmətə görə” ordeni (2-4 dərəcəli) və digər çoxsaylı mükafatlara layiq görülmüşdü.