SİYASƏT
Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcəkdir
Bakı, 1 mart (AZƏRTAC). Martın 12-də Gülüstan Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrinin, respublikada fəaliyyət göstərən gənclər təşkilatları təmsilçilərinin, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərin, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonağın iştirakı nəzərdə tutulmuşdur.
Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcəkdir. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” olacaqdır.
Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, təsis qurultayının qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlərin qəbulu da planlaşdırılmışdır.
Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcəkdir.
Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. Ötən il iyulun 5-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III qurultayının qətnaməsində bu birliyin təsis edilməsi və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapmışdır.