Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcəkdir
Bakı, 10 mart (AZƏRTAC). Martın 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlılar, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edəcəkdir.
Qurultay çərçivəsində üç panel üzrə müzakirələr keçiriləcəkdir. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” olacaqdır.
Panellər üzrə müzakirələrdən sonra qurultay sənədlərinin də müzakirəsi keçiriləcəkdir. Qurultay çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, təsis qurultayının qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün fəaliyyət proqramı və digər sənədlər qəbul olunacaqdır. Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcəkdir.
Qeyd edək ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. Ötən il iyulun 5-də Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində də Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsinin sürətləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi əksini tapmışdır.