Bakıda ənənəvi “INEPO- AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçiriləcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Dünya məktəbliləri arasında “INEPO- AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etməkdir.
Bu il də, aprelin 6-7-də ARDNŞ-in dəstəyi ilə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada Albaniya, ABŞ, Türkiyə, İndoneziya, Qazaxıstan, Gürcüstan, Litva, Malayziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Ukrayna, Yəmən, Niderland, Rusiya və s. ümumilikdə isə dünyanın 42 ölkəsindən 250-dək şagirdin iştirakı planlaşdırılır. Hər il olduğu kimi, Azərbaycan məktəbliləri də olimpiadada maraqlı layihələrlə çıxış edəcəklər. Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, eləcə də biznes, elm və təhsil qurumlarının təmsilçilərinin tədbirdə iştirakı gözlənilir.
Aprelin 4-də olimpiadada iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı aparılacaqdır. Həmin gün təşkilat komitəsinin üzvləri və olimpiadanın iştirakçıları Şəhidlər xiyabanını ziyarət edəcək, təşkilatçı şirkətlərdə görüşlər keçirəcəklər. Olimpiadanın təntənəli açılış mərasimi aprelin 6-da Bakı İdman Sarayında keçiriləcəkdir. Olimpiadada şagirdlər təbiətin mühafizəsi ilə bağlı müxtəlif mövzularda biliklərini yoxlayacaq, müsabiqəyə layihələrini təqdim edəcəklər. Təqdim olunan layihələr dünyanın müxtəlif ölkələrini təmsil edən təcrübəli elm adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Aprelin 7-də olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.