CƏMİYYƏT
Bakıda “Gənclər həftəsi” çərçivəsində dron şousu təşkil olunub VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə elan olunan “Gənclər həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə dron şousu keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və üçrəngli bayrağımız dronla ucaldılıb.
Tədbirdə robot futbol yarışı, Dünya Robot Olimpiadasının təqdimatı, təyyarə rəqsi, böyüklər arasında FPV (birinci şəxsin görüntüsü) dron yarışı, helikopter şousu, “Mən pilotam-2022” yarışlarının təqdimatı və robot futbol yarışı da keçirilib. Helikopter şousu və robot futbol yarışı xüsusi maraqla qarşılanıb.
AREA-nın təlimçisi Məryəmana Sulxayeva dron şousuna əsasən 8-13 yaşlı uşaqların cəlb olunduğunu vurğulayıb. O, tədbir çərçivəsində dron olimpiadası ilə yanaşı, iyunda keçiriləcək Dünya Robot Olimpiyasının təqdimatının da olduğunu vurğulayıb. M.Sulxayeva son vaxtlar uşaqların və valideynlərin bu sahəyə böyük maraq göstərdiklərini qeyd edib.
AREA-nın təsisçisi Rəhman Rəsulzadə bildirib ki, hava idman oyunları yarışında müxtəlif bölgələrdən 50-dək iştirakçı qatılıb. Burada əsas məqsəd gənclərin müasir texnoloji biliklərə yiyələnməsidir. İyunda keçiriləcək dron robot yarışında ümumilikdə 5 minədək iştirakçının mübarizə aparması gözlənilir.
Sonda tədbirdə fərqlənən uşaq və yeniyetmələr mükafatlandırılıblar.