Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlər başlayıb
Bakı, 19 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə dekabrın 19-da “Gender bərabərliyi və idarəetmə” mövzusunda ikigünlük təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri iştirak edirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək, təlimlərin keçirilməsinin məqsədi və əhəmiyyəti haqqında danışıb. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərliyinin təmin edilməsində məsul şəxslərin vəzifələrini qeyd edib və “genderazerbaijan.com” portalı haqqında məlumat verib.
Avropa İttifaqı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova və layihə üzrə mütəxəssis Günel Mehdiyeva həyata keçirilən bu kimi layihələrin gender məsul şəxslər üçün əhəmiyyətini vurğulayıblar.
Təlim gender məsələləri üzrə mütəxəssis Şəhla İsmayılın təqdimatı ilə davam edib.